İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 15-16 oktyabr 2025-ci il tarixlərində Mərakeşin paytaxtı Rabat şəhərindəki baş qərargahında “Narrativlər və İdentiklik (Milli Kimlik) Məsələləri” mövzusunda beynəlxalq konfrans keçirib.Tədbirdə İslam ölkələrində mədəni inkişaf, ədəbi və linqvistik müxtəlifliyi əks etdirən yaradıcılığın təşviqi ilə bağlı ICESCO-nun ilk dəfə keçirdiyi “Poeziya Şəhərləri” beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimi təşkil edilib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Beynəlxalq əməkdaşlıq və inkişaf məsələləri üzrə sektorunun müdiri Aytən Babayeva İslam Dünyasının mədəniyyət paytaxtlarına həsr edilmiş beynəlxalq müsabiqənin “Şuşa Nominasiyası”nda ICESCO tərəfindən 1-ci yerə layiq görülməklə, Azərbaycanı uğurla Beynəlxalq Müsabiqə və Konfransda təmsil edib. Beynəlxalq konfrans və təltifetmə mərasimi hər il oktyabrda keçirilən və BMT-nin ixtisaslaşmış təşkilatı UNESCO-nun təsis etdiyi “World Novel Week” çərçivəsində baş tutub. Beynəlxalq Müsabiqə və Konfransın məqsədi dünyada mədəni kimlikləri və müxtəlifliyi təbliğ etmək, millətlərin ədəbi-analitik tanıtım-təqdimat və təfəkkür mədəniyyətinin insan yaradıcılığı və milli-mədəni kimliklərin xüsusi ifadə forması kimi, eləcə də mədəniyyətlərarası dialoq vasitəsi olaraq əhəmiyyətini çatdırmaqdır. Konfrans, müxtəlif ölkələrin alim və ekspertərinin iştirakı ilə sivilizasiyaların, fərdlər və millətlərin mədəni inkişafının formalaşmasında ədəbi-analitik düşüncə və bədii narrativlərin rolu mövzusunda mühazirə və müzakirələrlə davam edib.
Mədəni əlaqələrin inkişafı üzrə yüksək təmsilçilik platforması kimi millətləri bir yerə gətirən nüfuzlu beynəlxalq təşkilat olan ICESCO-nun mühüm tədbirində üzv dövlətlərin rəsmiləri, diplomatik korpus nümayəndələri və fərqli ölkələrdən tanınmış mütəxəssislərin, o cümlədən, alimlərin iştirakı ilə aparılan fikir mübadilələrində milli-mədəni kimliyin yaranması və yenilənməsində xalqların özünəməxsus uğurları təqdim və təşviq edilib.

Aytən Babayeva Azərbaycan Respublikası Zəfərinin 5-ci ildönümünə həsr edilən “Şuşa” adlı şeiri ilə müsabiqənin çoxsaylı iştirakçıları arasında qalib seçilib və birinci yer mükafatı ilə təltif edilib, müəllif tədbirlə bağlı və təşəkkür nitqi ilə çıxış edib. 2024-cü ilin İslam Mədəniyyət paytaxtı Şuşaya həsr edilmiş ədəbi-bədii poetik əsər beynəlxalq təşkilatın Rabatda yerləşən mənzil qərargahındakı yüksək kürsüdə səsləndirilib.

İctimai-mədəni əlaqələrin inkişafı üzrə ölkəni təmsil edən qalib mükafatçı kimi Mükafatlanma mərasimi çərçivəsində Aytən Babayeva ICESCO-nun baş katibi Dr. Salim Al-Maliklə də görüşmüş və tədbirin beynəlxalq iştirakçıları ilə tanış olaraq, müxtəlif dövlətlərin təmsilçilərinin təbriklərini qəbul etmiş, əlamətdar uğurun yaddaqalan hekayəsi və milli-mədəni və linqvistik əhəmiyyəti barədə yerli və xarici media platformalarına müsahibələrlə çıxış edib.

ICESCO-nun ilk dəfə təşkil edilən beynəlxalq müsabiqəsində İslam ölkələrində mədəniyyətləri birləşdirən və tanıdan milli-mədəni kimliyin ifadə forması kimi mədəni identikliyin formalaşması və ana dillərinin inkişafı yönündə İslam dünyasının mədəniyyət paytaxtlarına həsr olunan ilk beynəlxalq tədbirdə və müvafiq konfransda “Şuşa nominasıyasının”qalibi ölkəmizin yeganə təmsilçisi kimi Azərbaycan bayrağını yüksəldib.
Beynəlxalq Konfrans zamanı, ICESCO rəhbəri Dr. Al-Malik çıxışında qeyd edib ki, milli kimliklər dünyaya inam və qürurla baxılan pəncərədir. O, dünya dillərinin 50%-dən çoxunun təhlükə altında olduğunu və qlobal mədəni fondun 80%-nin Qərb dillərindən gəldiyini, Ərəb, Asiya və Afrika dillərinin birlikdə milli-mədəni yaradıcılıq fəaliyyətinin cəmi 10% təşkil etdiyini göstərən əlaqəli beynəlxalq statistikalar haqqında fikirlərini ifadə edib. Baş katib, bu rəqəmlərin xalqların özünəməxsus mədəni narrativlərinin ədalətli və davamlı qaydada təqdim edilməsində qeyri-tarazlığın göstəricisi olduğunu bildirib. ICESCO-nun Mədəniyyət və Ədəbiyyat Mərkəzinin direktoru xanım Rawda El-Haj isə öz çıxışında milli kimliklərlə bağlı məlumatlılığın mədəni formada artırılması və əhəmiyyəti, burada maarifləndirmənin rolunu xüsusi olaraq qeyd edib.
Beynəlxalq tədbir, ICESCO-nun müasir qlobal sivilizasiyalararası dialoqun qurulmasında əsas sütun kimi milli dil, mədəni kimlik və müxtəlifliyin tanıdılması və təşviqinə, narrativ yaradıcılığının dəstəklənməsinə yönəlmiş səylərinin yüksək yanaşma ilə mədəni əlaqələrin inkişafı üzrə beynəlxalq təqdimat qaydasında həyata keçirildiyini göstərib.
Azərtac
https://www.facebook.com/reel/
