

Oktyabr ayının 2-də Sosial-iqtisadi təhlil departamentinin sektor müdiri Humay Axundzadə “Sağlam və fəal uzunömürlülük” mövzusunda Minskdə keçirilən II Beynəlxalq forumda "Zoom" platforması üzərindən məruzə ilə çıxış edib. Forumun təşkilatçıları Belarus Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Belarus Respublikası Prezidentinin Apparatının Humanitar məsələlər üzrə bölməsi, Belarus Respublikasının Səhiyyə Nazirliyi, Belarus Sosial İşçilər Assosiasiyası, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu Belarus nümayəndəliyidir.

20-dən çox ölkə mütəxəssislərini bir araya gətirən forum yaşlı insanların sosial rifahı, yaşlılıq dövründə proqressiv dəstək mexanizmləri, fəal uzunömürlülüyü təmin edən innovativ vasitələrə həsr olunmuşdur. Cənubi Koreya, Filippin, Honkonq kimi uzaq ölkələrdən Özbəkistan, Qazaxıstan və Belarusa qədər sosial tədqiqatçı və sosial işçilər sözügedən sahədə milli təcrübədən söz açıb, elmi tədqiqat və innovativ praktikanın vəhdətini müzakirə etmişlər. STM-in əməkdaşı Forumda “Azərbaycanda yaşlılar: ənənəvi nəsillərarası yönümlükdən üçüncü yaşda yeni həyat modellərinə doğru” məruzəsi ilə onlayn çıxış etmişdir. Məruzədə ölkədə fəal yaşlanma istiqamətində həyata keçirilən layihələr, habelə STM-in yaşlılara qayğı idealları və ailədə nəsillərarası münasibətlərin öyrənilməsinə həsr olunan tədqiqatlarının bəzi nəticələrindən bəhs edilmiş, Azərbaycan təcrübəsinə yaşlılıq dövrünə ənənəvi yanaşma, onun kontesktual rolu, eyni zamanda yeni modellərin çuğlaşdığı vurğulanmışdır.