STM-in sektor müdiri İslamabadda beynəlxalq tədbirdə iştirak edib

06.10.2025

Pakistanın paytaxtı İslamabadda Organisation of Islamic Youth (OİY) tərəfindən keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi” mövzusunda beynəlxalq tədbir İslam dünyasında həmrəyliyin gücləndirilməsi və əməkdaşlığın yeni mərhələyə daşınması baxımından əhəmiyyətli platforma yaratmışdır.

Tədbirdə İƏT ölkələrindən rəsmi nümayəndələr, dövlət məmurları, gənc liderlər və ictimai təşkilat rəhbərləri iştirak etmişdir.

 


Azərbaycanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov təmsil etmişdir. Onun çıxışı tədbirin ən diqqət çəkən məqamlarından biri olmuş və bir sıra iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır. Tural İsmayılov vurğulamışdır ki, İslam dünyasının gələcəyi yalnız mədəni həmrəyliyə deyil, həm də elm, texnologiya, iqtisadiyyat və informasiya sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə əsaslanmalıdır.
O, çıxışında Azərbaycanın son illərdə əldə etdiyi regional uğurları, xüsusən informasiya və diplomatiya sahəsində təcrübəsini nümunə kimi təqdim etmişdir. Tural İsmayılov qeyd etmişdir ki, İslam ölkələrinin ortaq elmi platforma yaratması, gənclər diplomatiyası və informasiya sahəsində əməkdaşlıq, həmçinin mədəni irsin qorunması uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün vacibdir. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi bu prosesin planlaşdırılması və icrası baxımından model xarakteri daşıyır.

 


Tural İsmayılovun çıxışında xüsusilə aşağıdakı məsələlər ön plana çıxmışdır: elmi və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi, İslam ölkələrinin informasiya məkanında birgə fəaliyyətinin təmin olunması, gənc liderlərin diplomatik və strateji təlim proqramlarının təşkili, mədəni irsin qorunması və yaşıl enerji təşəbbüslərinin dəstəklənməsi. Politoloq vurğulamışdır ki, gənclərin və alimlərin mübadiləsi İslam dünyasında qarşılıqlı etimad və dayanıqlı inkişafın əsas sütunudur.


O, Azərbaycanın təcrübəsini İslam ölkələrindəki əməkdaşlıq modellərinə uyğunlaşdırmağın vacibliyini qeyd etmiş, xüsusilə elm, təhsil, səhiyyə və media sahələrində birgə layihələrin inkişafının zəruriliyini vurğulamışdır.

 


Tədbirin yekununda iştirakçılar ortaq layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində razılığa gəlmişlər. 


Tədbirdə Pakistanın Baş nazirinin nümayəndəsi Sardar Yasir Ilyas, səhiyyə naziri Syed Mustafa Kamal və OİY rəhbəri Hammad Kakar da çıxış edərək İslam ölkələrinin elm, təhsil, səhiyyə və iqtisadi əməkdaşlıq sahələrində birgə fəaliyyətinin vacibliyini qeyd etdilər. Onlar həmçinin gənc liderlərin inkişafı üçün ortaq təşəbbüslərin əhəmiyyətini önə çəkdilər.


Tədbirin sonunda Pakistanın səhiyyə naziri tərəfindən iştirakçılara fəxri plaket təqdim olundu.