Bakı Avrasiya Universitetində STEM Analitik Mərkəzinin dəstəyi ilə ekspertlərin iştirakı ilə “Azərbaycan - Qazaxıstan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri, yeni əməkdaşlıq imkanları, eləcə də beynəlxalq proseslər fonunda regional əməkdaşlığın rolu müzakirə edilib. Tədbirdə Azərbaycan və Qazaxıstandan hökumət rəsmiləri, parlamentarilər, diplomatlar, alimlər, analitiklər və ekspertlər iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə edərək, regional təhlükəsizlik, nəqliyyat və logistika layihələri, təhsil inteqrasiyası və mədəni qarşılıqlı əlaqələri müzakirə ediblər.

Tədbir BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və STEM Analitik Mərkəzinin direktoru Orxan Yoluçevin açılış nitqləri ilə başlayıb. Çıxışlarda Azərbaycan - Qazaxıstan münasibətlərinin daim dostluq, qarşılıqlı hörmət və ortaq türk irsi üzərində qurulduğu, bu irsin həm mədəni, həm də elmi əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb.
Rektor, dos. Səyavuş Qasımov çıxışında qeyd edib ki, xalqlarımız arasında ortaq elmi məkanın gücləndirilməsi, təhsil sahəsində inteqrasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə birgə klasterlərin qurulması gələcək əməkdaşlığın əsas prioritetlərindəndir. Ortaq dil və terminologiyanın uyğunlaşdırılması, gənclərlə iş və maarifləndirmə sahəsində təşəbbüslərin isə strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Panel müzakirəsində Milli Məclisin deputatı Azər Allahverənov, Qazaxıstanın Əl-Farabi adına Milli Universitetinin dosenti Adilbek Yermekbaev və sözügedən universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Jekenov Duman Kurmanqaziyeviç, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, hüquq elmləri doktoru və diplomat Namiq Əliyev, Beynəlxalq münasibətlər üzrə ekspertlər Fuad Çıraqov, Nargiz Məmmədova, eləcə də logistika üzrə ekspert Rauf Ağamirzayev məruzələrlə çıxış ediblər.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov çıxışında qeyd edib ki, ölkələr arasında təmaslar və mədəni diplomatiya münasibətlərin ümumi kontekstinə birbaşa təsir göstərir. O, bu əlaqənin davam etdirilməsində və akademik dialoqun inkişaf etdirilməsində akademik dairələrin xüsusi məsuliyyət daşıdığını vurğulayıb. “Biz Bakı ilə Astana arasında, universitetlərimiz və tədqiqat mərkəzlərimiz arasında davamlı intellektual körpülər yaratmalıyıq. Mədəniyyət insanları emosional cəhətdən birləşdirir, elm və təhsil isə bu bağı institusional cəhətdən gücləndirir. Məhz buna görə akademik əməkdaşlıq əlavə deyil, siyasi və iqtisadi əlaqələrin təməlidir”, - o vurğulayıb.

Ekspertlər öz çıxışlarında regional əməkdaşlıq formatları, nəqliyyat-logistika marşrutlarının inkişafı, ikitərəfli münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərini xüsusi vurğulayıblar. Tədbir açıq diskussiya və fikir mübadiləsi ilə davam edib.
Dəyirmi masadan sonra iştirakçılar razılaşdılar ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığın yeni səviyyəsinin qurulması üçün unikal potensiala malikdir. Münasibətlərin gələcək inkişafı üçün Orta Dəhliz, Xəzər regionu, elm və təhsil sahəsində əməkdaşlıq, mədəni inteqrasiya, birgə texnologiya layihələri əsas prioritetlər kimi müəyyən edilib. İştirakçılar təkcə dövlət qurumları arasında deyil, həm də universitetlər, elmi-tədqiqat mərkəzləri, qeyri-hökumət təşkilatları, ekspert icmaları arasında əlaqələrin genişləndirilməsi üçün şərait yaradılmasının zəruriliyini qeyd ediblər.
“Azərbaycan-Qazaxıstan: Əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masa ideya və strateji təkliflərin mübadiləsi üçün mühüm platformaya çevrilib, onun nəticələri türk inteqrasiyasının gücləndirilməsinə və bütün regionun inkişafına yönəlmiş yeni birgə layihələrin və ikitərəfli dialoqun dərinləşdirilməsinin əsasını qoyub.
Tədbir haqqında daha geniş məlumatlarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.