Sosial Tədqiqatlar Mərkəzi ESOMAR-ın beynəlxalq Konqresində iştirak edib

02.10.2025

28–30 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqada dünyanın nüfuzlu sosial tədqiqat və data analitikası platformalarından olan ESOMAR-ın illik Konqresi təşkil olunub.


Mötəbər tədbirdə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilk dəfə üzv qismində iştirak edib, beynəlxalq müstəvidə ölkəmizi tədqiqat və araşdırma sferasında ixtisaslı beyin mərkəzi kimi uğurla təmsil edib. STM İdarə Heyətinin sədri Zahid Oruc, Mərkəzin sektor müdiri Humay Axundzadə və media-kommunikasiya üzrə aparıcı məsləhətçi Paşa Bayramovdan ibarət nümayəndə heyəti Konqresdə çoxsaylı  görüşlər keçiriblər.


Konqresin təşkilat komitəsinə rəhbərlik edən Hana Huntova Açılış toplantısında ESOMAR standartlarının insan yönümlü olduğunu, sosial tədqiqatların mərkəzində insanın dayandığını xüsusilə vurğulayıb. 


Dünyanın 79 ölkəsini təmsil edən nümayəndələri bir araya gətirən platformada STM nümayəndələri tədbir çərçivəsində dünyanın qabaqcıl tədqiqat və data analitikası şirkətlərinin rəhbərləri ilə bir sıra faydalı görüşlər keçiriblər.


Zahid Oruc tədbirin ilk günü xüsusilə qlobal məkanda aparıcı araşdırma mərkəzlərinin fəailiyyətinə həsr olunan xüsusi sərgidə çoxsaylı xarici təşkilat təmsilçiləri ilə qarşılıqlı tanışlıq, Mərkəzin kitab və dərgilərinin mübadiləsi, təcrübələr, strateji planların öyrənilməsi istiqamətində danışıqlar aparıblar. Görüşlər çərçivəsində dünyanın müxtəlif qitələrini təmsil edən CSS Datatelligence, Rexee, Method Fact Sheet, E-Tabs, GNN Research Group, Qaira, Emazing, Imotions və digər beynəlxalq təşkilatlarla sosial tədqiqatlarda müasir yanaşmalar, süni intellektin bütün sferalara geniş nüfuz etməsi və tətbiqin coğrafiyasının genişlənməsinə dair mühüm məlumatlar, Big Data emalı və dövlət-hakimiyyət orqanları və özəl sektor arasında iş birliyi platformlarının yaradılması, yeni metodoloji yanaşmalar və əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.


Bu müzakirələr Azərbaycanın beynəlxalq analitik və tədqiqat şəbəkələrində daha fəal iştirakına, STM-in qlobal elmi-tədqiqat ekosisteminə inteqrasiya olunmasına yol açıb.


Səfər proqramına əsasən STM heyəti Sosial Elmlər üzrə Çexiyanın aparıcı mütəxəssisləri ilə görüşdə iştirak ediblər.  Tədbirdə Mərkəz əməkdaşları Azrəbaycanda sosial elmlər sahəsində son illər baş verən irəliləyişlər, müasir istiqamətlər, elmi əməkdaşlıq perspektivləri  müzakirə olunub. Bu danışıqlar STM-in beynəlxalq akademik əlaqələrinin genişlənməsinə  təkan verir.


Səfər çərçivəsində STM-in təmsilçiləri–sektoru müdiri Humay Axundzadə və media-kommunikasiya üzrə aparıcı məsləhətçi Paşa Bayramov “Conjoint Analysis powered by Sawtooth” adlı xüsusi masterklassda da iştirak edib.


Burada tədqiqatçılar müasir analitik metodlardan biri olan conjoint təhlilin tətbiqi, bazar və sosial araşdırmalarda onun əhəmiyyəti, beynəlxalq praktika nümunələri ilə tanış olublar.


ESOMAR hər il təşkil etdiyi beynəlxalq Konqreslə dünyanın müxtəlif ölkələrindən yüzlərlə tədqiqatçı, sosioloq, data analitikləri, qlobal şirkətlərin nümayəndələri və elmi mərkəzləri bir araya gətirib.


Bu il Praqada keçirilən Konqres:


•    Masterklasslar, panellər və təlimlər vasitəsilə elmi və praktik bilik mübadiləsinə şərait yaradıb;
•    Şəbəkələşmə imkanları ilə qlobal əməkdaşlıqların genişlənməsinə meydan açıb;
•    Sosial elmlərdə süni intellektin tətbiqi, böyük datanın analizi və yeni tədqiqat metodologiyaları kimi aktual mövzulara dair geniş müzakirələrlə yadda qalıb.


STM təmsilçilərinin ESOMAR-ın Praqa Konqresində iştirakı ölkəmizdə  sosial tədqiqatlarının beynəlxalq miqyasda tanıdılması fürsəti, dünyanın aparıcı analitik və tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, süni intellekt və data analitikasının tətbiqi sahəsində yeni yanaşma və üsulların öyrənilməsi, akademik mühitlə əlaqələrin gücləndirilməsi və birgə layihələr üçün ilkin addımların atılması, beynəlxalq masterklasslarda iştirakla müasir tədqiqat metodlarının öyrənilməsi və tətbiq imkanlarının artırılması baxımından əhəmiyyətli olub.


Mərkəz profili çərçivəsində beynəlxalq əlaqələrinin genişləndirilməsini gələcəkdə də davam etdirəcək.