BDU-da tələbələr üçün antikorrupsiya mövzusunda maarifləndirici görüş keçirilib

17.09.2025

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu yarımbəndində nəzərdə tutulmuş tədbirin icrası çərçivəsində Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Bakı Dövlət Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirib.

Departament rəhbəri Əziz Əlibəyli çıxışında antikorrupsiya siyasətinin mahiyyəti, onun dövlət idarəçiliyində əhəmiyyəti və bu mübarizədə gənclərin üzərinə düşən vəzifələr barədə danışıb. Tədbirin məqsədi tələbələrin, xüsusilə də gələcək jurnalistlərin, korrupsiyaya qarşı mübarizədə bilik və bacarıqlarını artırmaq, onların fəallığını gücləndirmək olub.

Müzakirələr zamanı STM-in həyata keçirdiyi layihələr, dövlət başçısının imzaladığı müvafiq fərmanlar və qəbul olunmuş proqramların icrası barədə ətraflı məlumat verilib. Həmçinin gənclərin ictimai nəzarətdə, şəffaflıq və hesabatlılıq prinsiplərinin təşviqində rolu xüsusi qeyd olunub.

Tədbir çərçivəsində tələbələrin sualları cavablandırılıb, media mühitində antikorrupsiya strategiyasının işıqlandırılması yolları ətrafında müzakirələr aparılıb. Görüşün nəticəsi olaraq tələbələrin məlumatlılığının artırılmasına və onların gələcək fəaliyyətlərində bu istiqamətdə daha fəal mövqe tutmalarına töhfə verilib.