STM-də Qazaxıstan Mediatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

31.01.2025

 

Yanvarın 31-də Sosial Tədqiqatlar Mərkəzində (STM) Qazaxıstan Mediatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib. STM İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova qonaqları salamlayaraq Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial-iqtisadi və siyasi məsələlər üstünlük təşkil edir. Mərkəz Azərbaycanda sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, həmçinin ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edir.

 

Azərbaycan Respublikası Mediasiya Şurası ilə bir neçə layihənin və tədbirin həyata keçirildiyini qeyd edən prof. T. Allahyarova xüsusilə ailədaxili münasibətlərdə mediasiyanın rolu istiqamətində Mərkəzdə araşdırmaların aparıldığını bildirib.

 

Azərbaycan Respublikası Mediasiya Şurasının sədri Nadir Adilov çıxışında “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29 mart 2019-cu il tarixdə qəbul edildiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12 fevral 2020-ci il tarixində Mediasiya Şurası təsis edilib.

 

A. Nadirov qeyd edib ki, bu vaxtadək Mediasiya Şurası bir neçə ölkənin mediasiya qurumları ilə əlaqələr qurub, təcrübə mübadiləsi aparıb. Xüsusilə son illər türk dövlətlərinin mediasiya qurumları ilə münasibətlər intensiv xarakter almaqdadır.

 

Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru, Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Jandilde Yakupov Mediasiya Şurasının dəvəti ilə Azərbaycanda səfərdə olduğunu qeyd edib. O, rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti və ümumiyyətlə, Qazaxıstanda mediasiya xidmətinin təşkili, mediasiya sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, qanunvericilik bazası haqqında ətraflı məlumat verib.

 

Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən görüşdə hər iki ölkənin aidiyyəti mediasiya qurumlarının, xüsusilə Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində digər türk dövlətlərindən olan mediasiya qurumları ilə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinin zəruriliyi qeyd edilib. Beynəlxalq Mediatorlar Şurasının 1-ci Qurultayının 2024-cü ilin 28 noyabr - 3 dekabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçirildiyi, 2-ci qurultayın isə bu il ölkəmizdə keçirilməsinin planlaşdırıldığı bildirilib.

 

Görüşdə həmçinin Qazaxıstan Mediatorlar Assosiasiyasının baş katibi Aida Yakubova, STM-in departament müdiri Aqşin Məmmədov, STM-in sektor müdirləri Humay Axundzadə, Tural İsmayılov və Aytən Babayeva çıxış edərək mediasiyanın inkişafı ilə bağlı birgə tədbirlərin görülməsi, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasının təşkili, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrinin aparılması, mediasiya sahəsində konfransların və təşviqat tədbirlərinin keçirilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı suallar cavablandırılıb.