STM yeni ilin ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirib

07.01.2021

STM yeni ilin ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirib.





Azərbaycan Universitetində qələbə vebinarları seriyasından son tədbir “Qarabağa Böyük Qayıdış” mövzusuna həsr olunub. Sosial işin təşkili kafedrası tərəfindən təşkil olunan vebinarın qonağı Milli Məclisin deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc olub. Tədbirdə qeyd olunub ki, Azərbaycan indi Qarabağa böyük qayıdış ərəfəsindədir və ölkəmiz həyata keçiriləcək qayıdış planı ilə Qarabağı dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək əzmindədir.



Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov dəvəti qəbul edərək tədbirdə iştirak etdiyinə görə millət vəkilinə təşəkkür edib. Yusif Qasımov çıxışında Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbənin miqyası və siyasi-diplomatik, sosial-iqtisadi, geosiyasi nəticələri haqqında danışıb.





Millət vəkili Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin 2021-ci il üçün ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirdiklərini bildirib, şanlı və uca qələbəni Azərbaycan xalqına bəxş edən bütün qüvvələrə ucalıq arzulayıb. Zahid Oruc qeyd edib ki, dünyada mahiyyət etibarı ilə Dağlık Qarabağ münaqişəsi ilə paralellik göstərən dövlətlərarası problemlər olsa da, ölkəmizin işğalçı dövlət üzərindəki qələbəsinin heçbir bənzəri yoxdur. O cümlədən tarixi torpaqlara, ata-baba yurduna qayıdışın da beynəlxalq nümunəsini, prototipini tapmaq mümkün deyil. Bu istiqamətdə mövcud olan yanaşma və təkliflər haqqında məlumat verən millət vəkili Qarabağa qayıdış planının hazırlanması və həyata keçirilməsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, döyüş meydanında olduğu kimi, yenidənqurma, abadlıq və bərpa işlərində də Ali Baş Komandan-ordu-xalq birliyinin qorunmasının əhəmiyyətinə toxunub.



 



/frq-content/storage/photos/shares/Images/m.jpg

Çıxışlardan sonra tədbir iştirakçılarına Mərkəzin Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə “sülhə məcbur etmə” xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan ordusu və dövlətinin xalqla birliyinə münasibəti öyrənmək məqsədilə məcburi köçkünlərlə keçirdiyi sorğunun nəticələri təqdim olunub. Bildirilib ki, sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib.



Sorğunun nəticələrinə görə, 1-ci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində 30 ildir dogma torpaqlarını və yaşayış məskənlərini tərk edən vətəndaşlarımızın mütləq əksəriyyəti Azərbaycan ordusu tərəfindən azad olunan kənd və şəhərlərə qayıtmaq əzmində və inamındadır. Digər tərəfdən, ulu yurdumuza yüksək ideallar və müqəddəs duyğularla qayıdacağını bəyan edənlərin sırasında gənclər xüsusi çəkiyə malikdir.



Zahid Oruc sonda tədbir iştirakçılarının ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb.





Sosial Tədqiqatlar Mərkəzi – Press reliz