İdarə Heyəti sədrinin müavini
Bakı Dövlət Universitetində (BDU) təhsil alıb. Elmi fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda başlayıb, aparıcı və baş elmi işçi vəzifələrində çalışıb. “Ekoloji mədəniyyət və ictimai tərəqqi” mövzusunda namizədlik, “Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, elmlər doktoru alimlik dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə “Sosial fəlsəfə” üzrə dosent, 2018-ci ildə isə AR Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən təqdim edilməklə “Milli təhlükəsizlik və humanitar elmlər” ixtisası üzrə professor elmi adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində şöbə müdiri (2009-2019-cu illər) vəzifəsində çalışıb. Eyni zamanda həmin dövrdə "Strateji təhlil" beynəlxalq elmi-analitik jurnalının baş redaktoru olub.
Pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində “Sosial psixologiya”, Bakı Dövlət Universitetində “İdarəetmənin sosiologiyası”, AR Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Strateji idarəetmə" və "Dövlət idarəçiliyi kurslarını tədris edib, mühazirəçi fəaliyyətlə məşğul olub (1994-2016-cı illər).
Milli Müdafiə İnstitutunda Dissertasiya Müdafiə Şurasının həmsədri, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının və AR Elmin İnkişaf Fondunun eksperti, AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Koordinasiya Şurasının üzvü, Təhsil Nazirliyi yanında “Humanitar və sosial ixtisaslar” üzrə yeni kurrikulumla bağlı işçi qrupunun üzvü kimi çalışıb.
Dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edib. Sosial elmlərin yeni metodologiyası, Azərbaycanda siyasi sistemin transformasiyası, siyasi liderlik fenomeninin, cəmiyyətdə ictimai-siyasi proseslərin tədqiqi məsələlərini əhatə edən, ölkədə və xaricdə çap edilmiş 200-dən çox elmi məqalənin, o cümlədən, 16 monoqrafik kitabın (T.Allahyarova, Nadine Schouwey and Simon Zurich. The Shared Values of Multiculturalism and Secularism in Azerbaijan and Switzerland. Editors: Lydia Amberg and Daniel Warner.-76 p. Geneva and Baku (2015); “Azərbaycanda siyasi partiyalar” (2010); “Azərbaycanda siyasi transformasiyalar” (2015); “Dövlət idarəçiliynin strateji əsaslari (2016)”; "Ekoloji mədəniyyət və ictimai tərəqqi” (2004); “Azərbaycanda araşdırma və beyin mərkəzləri ”(2013); “XXI əsrdə xarici siyasət və E-Diplomatiya Azərbaycan dövlətinin xidmətində”; Azərbaycanın diplomatiya tarixi. Dərslik (2016); "Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi metodoloji ideal kimi (metodoloji propedevtika)" (2004); "Sinergetika-I. Təbiətin vəhdətdə özünütəşkili. Sinergetik ontologiya" (2005); “Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” (2018); “Parlament seçkiləri-2015: mövqelər və rəylər (həmmüəllif); “Muslim communities in Europe: The Case of France And Germany” (2015) və s., həmçinin müxtəlif aktual mövzularda yazdığı analitik hesabat, təhlil və məqalələrin müəllifidir.
"Sosial tədqiqatlar" beynəlxalq elmi-analitik jurnalının beynəlxalq redaksiya heyətinin sədr müavinidir.
Elmi rəhbərliyi altında 4 fəlsəfə doktoru və 1 elmlər doktoru yetişdirilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölkənin ictimai və siyasi həyatında səmərəli fəaliyyətinə görə 2017-ci ildə "Tərəqqi" medalı, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
2019-cu ilin aprel ayından Sosial Tədqiqatlar Mərkəzində Daxili siyasətin təhlili departamentinin müdiri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2020-ci il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü təyin edilib. 2024-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.