Departament müdiri
İqtisadiyyat üzrə bakalavr və magistr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. 2008-2013-cü illərdə həmin universitetin doktorantura proqramında (Dissertasiya mövzusu “Azərbaycan Respublikasının xarici iqtisadi təhlükəsizlik üzrə dövlət siyasətinin optimallaşdırılması istiqamətləri”), 2011-ci ildə isə Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Xarici Ticarət Müstəşarlığının Xarici ticarət siyasəti təhsil proqramında təhsil alıb.
2014-cü ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH proqramı çərçivəsində ölkənin 10-a yaxın ali təhsil müəssisəsində bakalavr və magistratura proqramları üzrə iqtisadiyyat, makroiqtisadiyyat, regional inkişaf və tədqiqat metodları kurslarını tədris edir. 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının yerli ekspertidir.
2008-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadi münasibətlər (2014-cü ilədən Beynəlxalq iqtisadiyyat) kafedrasının müəllimi kimi çalışıb. Bununla yanaşı, Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı” çərçivəsində Türkiyənin Gazi və Ankara Universitetlərində qonaq müəllim kimi tədris aparıb. 2019-2021-ci illər arasında Azərbaycanın ilk ixtisaslaşmış (biznes və iqtisadiyyat üzrə) xəbər kanalı olan ARB24-ün Layihələr departamentinin buraxılış redaktoru, həm də “Müzakirə vaxtı” müəllif proqramının aparıcısı olub.
Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentinin müdiridir. İqtisadçı analitik və media şərhçisidir, data əsaslı dövlət idarəçiliyi və sosial-iqtisadi sahədə dövlət siyasətinin təhlili üzrə tədqiqatçıdır.
Dövri nəşr olunan “Rifah Barometri” və “Dayanıqlı İnkişaf Barometri” analitik təhlil məcmuələrinin, həmçinin “Bələdiyyə 20/20: yerli özünüidarəetmə ictimai rəydə (2019)”, “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə (2020)”, “İşğaldan azad olunmuş ərazilərə könüllü qayıdış və yenidən məskunlaşma: məcburi köçkünlərlə niyyət sorğusu (2022)”, “Dayanıqlı məşğulluq çağırışları: gənclərin rəyində" və digər analitik hesabatların müəllifidir.