Yuxarıya
skip to main content

Türk Dünyası: ortaq mədəniyyətdən ortaq siyasi, iqtisadi və hərbi məkana doğru

07.05.2024

Önsöz

Türklər getdiyi hər yerdə siyasi bir quruluş formalaşdırmağı bacarmış, tarixin müəyyən bir zaman kəsimində digər dövlətlərin himayəsi altında qalsa da müstəqilliyini geri qazanmağa nail olmuş, xüsusilə Soyuq Müharibədən sonra yaranan dünya nizamından yeni bir nizama doğru yol alan dünyada yenidən “Türk Əsri”ni elan etməyə və yeni nizamı formalaşdırmağa iddialı “Dünya beşdən böyükdür” ritorikasını [1] sərgiləməyə siyasi iradə tapmışdır. Bu məqalə bədii ifadədən siyasi reallığa çevrilən Türk Dünyasının mədəni-coğrafi sərhədlərini qısa təsvirlə başlayıb, Türk dövlətlərinin siyasi olaraq təşkilatlanmasından, Azərbaycanın bu birlikdə inteqrasiya prosesindən, bu coğrafiyanın sahib olduğu böyük iqtisadi resursların birliyi möhkəmləndirmək, geosiyasi mərkəzə çevirmək üçün özündə daşıdığı pontensialdan, Türk dövlətlərin ortaq strateji baxışlarından və gələcəyə dair müxtəlif inisiativləri reallaşdırmaq və həmrəyliyə dair siyasi iradə nümayiş etdirmək qabiliyyətindən asılı olaraq yeni yaranacaq dünya nizamında Türk dövlətləri Təşkilatının sahib olacağı müstəsna mövqedən bəhs edilir.

 

Açar sözlər: Türklər, Türk Dünyası, Türk dövlətləri Təşkilatı, Azərbaycan, geosiyasət.

 

Giriş

1991-ci ildə SSRİ-nin dağılması, Soyuq Müharibənin başa çatması ilə başlanan və günümüzədək davam edən proseslər Türk Dünyası ölkələrinin ortaq mədəniyyət paylaşımından ortaq siyasi-iqtisadi məkana doğru irəliləməsi ilə müşayiət olunur. Bu işdə xüsusilə Türkiyə və Azərbaycanın aparıcı mövqeyi vurğulana bilər. Hələ 1991-ci ildə Türkiyə Cumhuriyyətinin Baş naziri Süleyman Dəmirəl “Adriatikdən Çin Səddinə qədər Türk Dünyası” ifadəsini gündəmə gətirmiş [2], Prezident Turqut Özal isə 21-ci əsrin “Türk Əsri” olacağını bəyan etmişdi. Bu gün biz “Türk Əsrinin” yeni bir inkişaf mərhələsinə çatdığını müşahidə edirik. Bu inkişaf sosial-ictimai həyatın bütün sferalarında ortaq mədəniyyət və dəyər paylaşımı ilə yanaşı, siyasi-iqtisadi həyatın müxtəlif sferalarında paylaşımlar ilə ölçülə bilər. Məsələn, beynəlxalq siyasi tribunalarda Türk dövlətlərinin həmrəyliyi, milli xarakterli və ya qlobal əhəmiyyətli məsələlərə dair bənzər yaxud eyni mövqe, iqtisadi münasibətlərin inkişafının sürətləndirilməsi qeyd oluna bilər. Bu çərçivədə gələcəkdə ortaq bazarın [3], hətta valyutanın yaradılması istiqamətində iqtisadi inisiativlər [4], ortaq informasiya məkanı və vahid dilin yaradılması inisiativi, vahid hərbi gücün formalaşması məqsədilə ortaya atılan Turan Ordusu ideyası – bu ölçünün yeni meyarları olaraq  müəyyən edilə bilər. Vaxtilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Türkiyəyə xitabən “biz bir millət, iki dövlətik. Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür...” demişdi. [5] İndiki mərhələdə bütün Türk Dünyasında sədlərin, sərhədlərin, qadağaların, yasaqların götürülməsi həqiqi birliyin yaradılması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

  1. Mədəni-coğrafi sərhədlər

Türk Dünyası 11,2 milyon km2-dan artıq ərazini və 1990-cı ildə 140 milyon, günümüzdə isə 200 milyonadək əhalini əhatə edir. [6] Müqayisə üçün, Avropa İttifaqının ərazisi 4 milyon km2-dan biraz artıq, əhalisi isə 448,4 milyon nəfərdir. [7] Türk coğrafiyasının sərhədləri Qərbdə Adriatik dənizi sahillərindən başlayır, Şərqdə Çin səddinə və Sibirədək uzanır. Tarixən bu coğrafiyada böyük imperatorluqlar [8] (Hun, Göytürk, Avar, Xəzər, Uyğur, Qaraxanlı, Qəznəvi, Böyük Səlcuq, Xarəzmşahlar, Böyük Moğol, Qızıl Orda, Osmanlı, Teymurilər, Səfəvilər, Babur, Əfşarlar) və müxtəlif ölçülü dövlətlər quran türk xalqlarının müasir dünyamızda 7 müstəqil dövləti var – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və de-jure tanınmaya (Türkiyə tərəfindən tanınması istisna) hələ ki, nail olmayan Şimali Kipr Türk Cumhuriyyəti. Bunlar hazırda Türk Dünyasının ümumi ərazisinin 44%-ini əhatə edir, qalan 56%-i isə hələ ki, müstəqil deyildir. Türklərin tarixi coğrafi yayılma arealında hazırda Rusiya Federasiyası tərkibində muxtar statusa sahib Türk respublikaları, yəni Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Krım, Saha (Yakutiya), Altay, Xakasiya, Tuva, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikaları, Şimali Qafqaz və Sibirin türk toplumları, həmçinin Çinin tərkibindəki Sintzyan-Uyğur Muxtar Respublikası adını daşıyan Şərqi Türküstan yer alır. [9] Şərqi Avropada Balkanlardan, Yaxın Şərqdə İran, İraq, Suriya, Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şimali Çində, Cənub və Şimal-Şərqi Sibirdə yaşan türk toplumlarınadək Türk Dünyası geniş bir mədəni-coğrafi yayılma arealına malikdir.

Tarix göstərir ki, bir xalqın, millətin yaşama haqqını qazanmasında mədəni, elmi-texnoloji və iqtisadi tərəqqi mühüm rol oynayır. Türk Dünyasının azad və müstəqil üzvləri digər türk toplumlarının mədəni inkişafı, sosial-iqtisadi tərəqqisi, öz milli kimliyini qorumaq məqsədilə siyasi olaraq təşkilatlanması üçün məsuldurlar. Məhz bu məsuliyyət doğru dərk edildiyi zaman keçmişdən gələn böyük Türk kimliyini gələcəyə miras qoyula bilər. 16-cı əsr “Türk əsri” idi və ayrı-ayrı türk xalqları Yer Kürəsinin böyük bir qismində hakimiyyət qurmuşdular. 19-20-ci əsrlərdə qlobal idarəçilikdə dəyişlikliklər türklərin idarəçilik imkanlarını məhdudlaşdıraraq əlindən aldı və tarixi dövlətçilik ideyalarını unutdurmağa çalışdı. 20-ci əsrdə Türklər yenidən milli kimliyə sarılaraq Yer Kürəsinin ayrı-ayrı nöqtələrində dirçəldilər, müstəqil dövlətçilik təsis edərək 21-ci əsri yenə “Türk Əsri” elan etdilər. Məhz bu hədəf istiqamətində fəaliyyət Türk Dövlətlərinə qlobal idarəçilikdə mühüm rolları üstlənməyə imkan verəcəkdir. Qarşıdakı 20-30 ildə Türk dövlətlərinin nə edəcəkləri əsrin geri qalan hissəsində onların harada olacaqlarını müəyyənləşdirəcəkdir. Bu çərçivədə Türk Dünyası 2040 Vizyonu [10], həmçinin türk dövlətlərinin qarşıdakı on illiklər üçün milli strateji baxışları, o cümlədən Türkiyə 2053 Vizyonu [11] mühüm əhəmiyyət daşıyır. Bu strateji baxışların bütün Türk Dünyasına yayılması türk dövlətlərinin təşkilati formada daha sıx birləşməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

 

  1. Türk Dünyasında təşkilatlanma

Dövlətlərarası savaşlar, ideologiyaların savaşı və nəhayət Soyuq Müharibənin dünya nizamını dəyişdirdiyi bir dövrdə, yəni 1990-cı illərin əvvəllərində Türk Dünyası önündə yeni bir siyasi üfüq yarandı və bu üfüqdə türk dövlətləri bütünləşmək imkanı əldə etdilər.

1991-ci ilin mart ayında Turqut Özalın rəhbərlik etdiyi heyətin ilk dəfə türk dövlətlərinə səfərləri baş tutdu.[12] Bu gün rəsmi səfər trafikləri ən yüksək həddədir. Lakin o dövr üçün bu, ilk və fərqli bir hadisə idi. Özalın Bakıya gəlişi zamanı Azərbaycan hətta hüquqi olaraq müstəqilliyinə qovuşmamışdı. Lakin Türkiyədən türk dövlətlərinə ziyarətə gələnlər Türk Dünyasının gələcəyinə dair siyasi-ideoloji gündəliyi özü ilə daşıyırdı. Gələcəkdə Türk dövlətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlığı, Türk Dünyasının siyasi birliyinin yaradılması gözlənilirdi. O zaman Turqut Özalın dediyi kimi: “Əgər bu gün üzümüzə açılan bu hacət qapısından içəri girməsək tarixi bir fürsəti qaçırmış olacağıq.” [13] Turqut Özalın vaxtsız ölümü, həmçinin xarici təsirlər o zaman bütünləşməni gecikdirdi, Türk Dünyasının fərqli bölgələrində qızışdırılan münaqişə ocaqları, qanlı savaşlar, iqtisadi çöküşlər birləşmə prosesinə mənfi təsir göstərdi, lakin bu ideal heç vaxt tərk edilmədi. Müstəqil türk dövlətləri 1991-ci ildə Müstəqil Dövlətlər Birliyində bütünləşməyə məcbur qaldılar, lakin son 30 ildən artıq zaman sübut etdi ki, ortaq dəyər paylaşımı, ideoloji, mədəni-mənəvi birlik olmadığı halda, heç bir siyasi birlik möhkəm ola bilməz. Odur ki, MDB hal-hazırda formal xarakter daşıyan siyasi birlikdən artıq hər hansı xüsusi imkanlara malik deyil. Rus avrasiyaçılarının yaratdığı ortaq iqtisadi məkan olan Avrasiya İqtisadi Birliyi (AİB) və ortaq hərbi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müstəsna anlarda müstəsna rol oynaya bilmədi. Lakin Türk Dünyasının siyasi olaraq birləşməsi üçün mənəvi-ideoloji bazis min illərdən bəri gələn türk kimliyində və ortaq dəyərlərdə daşınmaqdadır.

İlk dəfə 1992-ci ildə Türkiyənin paytaxtı Ankarada təşkil olunan Türk Dilli Dövlətlərin Zirvə Görüşləri (1992-2023-cü illər arasında 20 Zirvə görüşü keçirilmiş, bunlardan 2000, 2009, 2013, 2019 Zirvələri Azəbaycanda baş tutmuşdur) [14] mütəmadi olaraq Türk Dünyasını müxtəlif sferalarda təşkilatlandırırdı. Məsələn, 1993-cü ildə TÜRKSOY mədəni təşkilatlanma, 2008-ci ildə TÜRKPA siyasi təşkilatlanma yolunda ilkin addım sayıla bilər. Bu fəaliyyət davamlı hal alaraq 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində imzalanan Saziş (Naxçıvan Sazişi [15]) əsasında Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDDƏŞ, qısaca Türk Şurası) yaradılmasına yol açdı. 2010-cu ildə qurulan Türk Akademiyası, 2011-ci ildə təsis olunan Türk Biznes Şurası, 2019-cu ildə yaradılan Türk Ticarət və Sənaye Palatası Türk Dünyasının elm, iqtisadiyyat və ticarət sahələrində inteqrasiyasını sürətləndirməyə hesablanmışdır. Təşkilatlanmanın önəmli mərhələləri tamamlandığı üçün 2021-ci ildə keçirilən Türk dilli dövlətlərin İstanbul Zirvə görüşündə [16] Türk Şurası Türk dövlətləri Təşkilatı (TDT) adını aldı.

 

 

  1. Azərbaycanın Türk Dünyası ilə inteqrasiyası və Türk Dünyasının iqtisadi potensialı

Azərbaycan multikulturalizmi, ölkədəki etnik-dini qruplara münasibətdə tolerantlığı dövlət siyasəti elan edib. Bununla yanaşı əhalinin 94%-dək olan böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. [17] Etnik soykökü baxımından türk əsilli olduğu üçün azərbaycanlılar hər zaman özünü Türk Dünyasının bir parçası olaraq görüb, xüsusilə Türkiyəni qardaş dövlət olaraq qəbul edib. Bu münasibət müxtəlif sosial sorğularda da özünü əks etdirir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərindən biri olan Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2023-cü ilin 14-17 may tarixləri arasında, 18 yaşdan yuxarı 384 respondent arasında aparılan ictimai rəy sorğusunun nəticələrinə görə Azərbaycanda vətəndaşların mütləq əksəriyyəti, yəni 83,6%-i özünü türk dövlətlərinə daha yaxın hiss etdiyini bildirmişdir. Respondentlərin yaş qrupları üzrə təhlil apardıqda məlum olub ki, müxtəlif yaş qrupları eyni fikirdədir və bu mövzuda nəsillərarası fikir-ayrılığı yoxdur. Sorğu nəticələri həmçinin göstərir ki, respondentlərin 12%-i özünü islam ölkələrinə, 8,6%-i postsovet ölkələrinə yaxın hiss edir. Cəmi 6,5% bu suala “qonşu ölkələr”, 2,1%-i “ Qərb ölkələri” cavabını vermişdir. [18]

Təbii olaraq bu münasibətin tarixi-siyasi, sosial-ictimai əsasları olduğu kimi, Azərbaycan dövlətinin siyasi davranışlarında da bəlli əks-sədası olmuş və olmaqda davam edir. Hətta bir çox araşdırmaçılar Türkçülüyün ilk dəfə tam olaraq keçmiş Çar Rusiyası ərazisində yaşayan Türk-Tatar xalqları, yəni Krım türkləri və Azərbaycan türkləri arasında meydana gəldiyi fikrini irəli sürürlər. [19] Məsələn, Atatürkün türkçülük düşüncəsinin formalaşmasında mühüm rolu olan Ziya Gökalop yazırdı: “Türkiyədə Əbdülhəmid bu bu müqəddəs axını (türkçülük axınını) durdurmağa çalışarkən Rusiyada iki böyük Türk yetişməkdə idi. Bunlardan biri Azərbaycanda Mirzə Fətəli Axundzadə, digəri Krımda “Tərcüman” qəzetinin naşiri İsmayıl bəy Qaspiralı idi.” [20]

Vaxtilə Leon Kohon böyük Türk xanı Çingiz xanın rəhbərliyində Moğolların bütün türkləri birləşdirmək məqsədilə ilə Asiyanı başdan-başa fəth etdiyini yazırdısa [21] da, bu gün türk coğrafiyasının birləşməsinə hərbi-siyasi fəthlərlə deyil, mədəni birliyin, həmrəyliyin iqtisadi-siyasi əməkdaşlığın gücləndirilməsi ilə nail oluna bilər. Təbii olaraq bu işə güclü iradə sərf edən siyasi liderlərin varlığı mühüm əhəmiyyət daşıyır. Məsələn, Azərbaycanda Elçibəy dönəmində (1992-1993) Pantürkizm, Turan ideologiyası nə qədər güclü idisə də, dövlətçiliyin zəiflədiyi dönəmdə Azərbaycan bu ideoloji istiqamətdə hər hansı uğura imza ata bilmədi. Əksinə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövründə dövlətçilik gücləndirildi və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin dövründə məhz Azərbaycan şəhəri olan Naxçıvanda (2009) Türk Şurasının əsası qoyuldu. Heydər Əliyev tərəfindən siyasi leksikona gətirilən “bir millət, iki dövlət” şüarını indi “bir millət, yeddi dövlət” olaraq genişləndirmək Türk Dünyasının müstəqil dövlətlərini əhatə etmək siyasi bir Türk millətinin inşası istiqamətində atılmış mühüm addım ola bilər. Bu, vaxtilə Türkiyə və Azərbaycan arasında yaradılan strateji birliyin və güclü bağların Xəzərin ötəsindəki türk dövlətlərini də əhatə edə biləcəyinə dair mesajdır.

İlk dəfə siyasi bir Türk Millətinin inşasından Türkçülüyün ideoloji qurucularından sayılan, hətta bəzən “Panturancıların Marksı” adlandırılan Yusuf Akçura “Üç tarzı siyaset” adlı əsərində bəhs edib. Bu işə dərin siyasi düşüncə həsr edən filosofun ideyası bu gün Türk Dünyasının Avropa İttifaqı nümunəsində (avropalılar kimi) homogenləşməsində və vahid orqanizm halına gəlməsində mühim bir formul sayıla bilər.

Bu işdə xüsusilə iqtisadi resurlar mühüm əlaqələndirici amil olaraq nəzərdən keçirilə bilər. Zəngəzur dəhlizi nə qədər Türk Dünyasını birləşdirici koridor olaraq dəyərləndirilirsə, elə o qədər Xəzər dənizinin bizləri ayırmadığı, əksinə əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı vurğulana bilər. Məsələn, uzun illər boyu Azərbaycan və Türkmənistan arasında mübahisəli olan Xəzər dənizinin statusu məsələsində 2018-ci ildə vahid anlaşmaya varılması, mübahisəli Kəpəz yatağının (türkmənlər tərəfindən Sərdar adlanır) neft-qazla zəngin karbohidrogen resurslarının birgə kəşfiyyatına və enerji mübadiləsinə, həmçinin Azərbaycanın neft şirkəti olan SOCAR-ın Türkmənistanda gələcək fəaliyyətinə dair 2023-cü ilin noyabrında razılıq əldə olunması qeyd oluna bilər. [22] Qeyd edilməlidir ki, Azərbaycan 1997-ci ildən bəri Türkmənistan tərəfinə dəfələrlə bu yatağı birgə işlətməklə bağlı müraciətlər etsə də, müxtəlif daxili və xarici siyasi faktorlarla imtina cavabı alırdı. [23] Artıq bu yataq “Dostluq” adlanır və Türk Dünyasında dostluq-qardaşlıq münasibətlərinin dərinləşdirilməsində iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafı üçün nümunə təşkil edir. Türk dövlətlərinin iqtisadi resurslarının bir araya gətirilməsi Türk Dünyasında əməkdaşlığın inkişafı baxımından nə qədər əhəmiyyət daşıyırsa, gələcəkdə Türk Dünyasının qlobal siyasi arenada oynayacağı rolun artması baxımından da eyni əhəmiyyəti daşıyır.

Türk dövlətləri Təşkilatına daxil olan dövlətlərin birgə ümumdaxili məhsulu 1 trilyon ABŞ dollarından çox olub, genişlənməkdə olan bazara və sayı 150 milyondan çox insan resurslarına malikdir. Müqayisə üçün, Avropa İttifaqının insan resursları bundan 3 dəfə çox olsa da birgə ÜDM-si 15,9 trilyon Avrodur [24], yəni Türk Dünyasının toplam ÜDM-sindən 15 dəfə çox. Bu, Türk Dünyası üçün bir çağırış yaradır. Yəni Türk dövlətləri iqtisadi olaraq ixtisaslaşa, birgə istehsalı və iqtisadi-ticari əməkdaşlığı artırma yolu ilə birgə ÜDM-sini, o cümlədən hər bir Türk dövləti milli ÜDM-sini artırıb, inkişaf edə bilər. Vaxtilə SSRİ daxilində bu edilirdi, indi Aİ daxilində.

Türk coğrafiyası çox genişdir və bu coğrafiyada yerin üstü kimi altı da olduqca zəngindir. Məsələn, Türkiyə dünyadakı ən zəngin bor yataqlarına (dünya ehtiyatının 70%-i) sahibdir. Xüsusilə nüvə sahəsində, təyyarə yanacağı, təmizlik vasitələri, tekstik boyası istehsalı, kağız sənayesində və s. istifadə olunan bu maddə geniş istifadə sahəsinə malikdir. [25] Azərbaycanın neft ehtiyatları 1,2 milyard ton, qaz ehtiyatları 2 trilyon m3 civarında dəyərləndirilir. [26] 2011-ci ildə ölkədə 46,1 milyon ton neft istehsal olunmaqla bir pik yaşanmış, 2021-ci ildə bu rəqəm 35,1 milyon tondur. Qaz istehsalı isə əksinə artmışdır, 2011-ci ildə 16 milyard m3 olan qaz istehsalı 2021-ci ildə 31,8 milyard m3-a yüksəlmişdir. Müqayisə üçün Qazaxıstanda 2021-ci ildə neft istehsalı 86 milyon barel, qaz istehsalı 32 milyard m3, dünyada ən zəngin 4-cü qaz yataqlarına sahib Türkmənistanda neft istehsalı 12 milyon barel, qaz istehsalı 79,3 milyard m3, Özbəkistanda neft istehsalı 2,7 milyon barel, qaz istehsalı 50,9 milyard m3 olmuşdur. [27] Bununla Türk Dünyası dünyanın ən zəngin neft-qaz bölgələrindəndir və gələcəkdə dünyanın geosiyasi mənzərəsində mühüm enerji məntəqələrindən biri kimi nəzərdən keçirilir. Bunun üçün gələcəkdə Trans-Xəzər enerji dəhlizinin yaradılması Türk Dünyasının enerji siyasətinin vahid xətt üzrə birləşdirilməsində, Zəngəzur dəhlizinin yaradılması isə nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsində mühüm addım sayıla bilər.  

 

  1. Türk Dünyasının qlobal məkanda yeri və gələcək rolu

21-ci əsrin 20-ci illərində Türk Dünyası önündə yeni qapı açılır və bu, qədim ipək yolunun müasir adla – Orta Dəhliz adı ilə bərpası nəticəsində yaranır. Artıq iqtisadi münasibətləri homogenləşdirmək daha rahat olacaqdır. Avropa İttifaqının vahid Avropa idealları, mənəvi dəyərləri əsasında birləşərək, siyasi iradə göstərərək, iqtisadi maneələri aşaraq vahid orqanizm halına gəldiyi kimi, Türk dövlətləri də öz mədəni-mənəvi dəyərlərini ön plana çıxarıb, siyasi iradə nümayiş etdirib, iqtisadi maneələri aşaraq yeni bir birliyə doğru yol ala bilərlər. Bu, gələcəyin yeni güc mərkəzinin yaranması deməkdir.

1991-ci ildən sonra yaranan dünya nizamı ilk əvvəl təkqütblü, ABŞ mərkəzli hesab edilirdi. Hazırda yeni güc mərkəzləri meydana çıxaraq qlobal nizamı dəyişməyə çalışmaqdadırlar. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan dəfələrlə beynəlxalq siyasi tribunalardan vurğulayır ki, dünya beşdən böyükdür. Türk Dünyası yeni bir güc mərkəzi halına gəlmək istəyirsə, öz Vaşinqtonu və  Brüsseli, yəni siyasi paytaxtı, vahid maliyyə mərkəzləri, yəni Türk Bankı, Türk Valyuta Fondu, vahid dili [28],[29] , informasiya məkanı, malların, xidmətlərin və insanların regiondaxili sərbəst axını, azad ticarəti, regiona dair yeni maliyyə-iqtisadi-turizm təşəbbüsləri, hərbi-təhlükəsizlik sahəsində gücləndirilmiş əməkdaşlığı[30], [31], [32], [33] və bütün bunları Türk insanının düşüncəsinə yayan öz Erasmusu,  yəni Türk milli kimliyinin renesansını (intibahını) təşkil edən dahi şəxslərin adını daşıyan vahid proqramlar olmalıdır. İnteqrasiya məhz bu şərtlər altında tamamlanmış ola bilər. Avropanın inteqrasiyası məhz bu şərtlər tamamlandığı üçün reallığa çevrilmiş və hazırda Aİ dünya siyasətinin mühüm mərkəzlərindən biri halına gəlmişdir. Türk Dünyasında bənzər ssenarinin gerçəkləşdirilməsi müstəqil türk dövlətlərinin rəhbərlərindən güclü siyasi iradə tələb edir.

Bu istiqamətdə ilkin ortaya qoyulan strateji baxış sənədi olaraq Türk Dünyası 2040 Vizyonu göstərilə bilər. Burada türk dövlətlərinin müxtəlif sahələrdə daha dərin əməkdaşlıq mexanizmləri, ortaq layihələr, təcrübələrin paylaşımı və lazım olduğunda maddi və intellektual dəstəyin göstərilməsi, beləliklə türk dövlətləri arasında həmrəyliyin daha da artırılması, həmçinin beynəlxalq hüquq və siyasət müstəvisində çoxtərəfli əməkdaşlığı, mövcud vəziyyətlərdə ortaq mövqe sərgiləyəbilmək imkanlarının artırılmasını nəzərdə tutulur.

 

 

NƏTİCƏ

Türk Dünyası geniş bir məna daşımaqla müstəqil türk dövlətləri ilə yanaşı, Rusiya və Çin tərkibində türklərin yaşadığı və muxtariyyət statusuna malik olduğu əraziləri, həmçinin etnik türk toplumlarının yaşadığı geniş coğrafi-siyasi arealı əhatə edir. Bu məqalədə Türk Dünyasının ortaq mədəni dəyərlərdən vahid siyasətə, ortaq iqtisadi məkana doğru inkişaf yolu dəyərləndirilmiş, bu istiqamətdə hələ 1990-cı illərin əvvəllərindən ortaya atılmış olan ideyaların günümüz etibarilə hansı səviyyədə reallaşdırılmış olduğu təhlil edilmişdir. “Mədəni dəyər paylaşımı olmadan yaradılan bütün siyasi birliklər məhvə yaxud formal mövcudluğa məhkumdur” tezisi Avropa İttifaqı, MDB, KTMT və Türk Dünyasında inteqrasiya modelləri nümunəsində müqayisə olunmuşdur. Türk Dövlətləri Təşkilatının yaranması ilə Türk Dünyasının siyasi-iqtisadi olaraq təşkilatlanmasında Türk Zirvələrinin mühüm rolu olduğu, xüsusilə 2009-cu il Naxçıvan və 2021-ci il İstanbul Zirvələrinin inteqrasiya prosesinin müvafiq mərhələlərinin keçilməsindəki əhəmiyyəti vurğulanmışdır. Bu mərhələlərin keçilməsində Türk dövlət başçılarının mühüm siyasi iradə göstərməsi vacibdir ki, bu da gələcəkdə Türk Dünyasında Avropa İttifaqı bənzəri güclü inteqrasiya və homogenləşmənin təsis olunmasına gətirib çıxara bilər. Bunun üçün Türk coğrafiyasının geniş iqtisadi potensialının olduğu, Zəngəzur dəhlizi, Orta Dəhliz, trans-Xəzər dəhlizi kimi ideyaların, müxtəlif mədəni-ideoloji, ortaq iqtisadi-maliyyə, hərbi-siyasi məkan inisiativlərinin reallaşmasının gələcəkdə bu inteqrasiyaya xidmət edəcəyi qeyd olunmuşdur. Türk dövlətlərinin daxili və xarici təsirlərdən qurtularaq Türk Dünyasına yönəlik strateji baxışlar istiqamətində belə bir güclü inteqrasiyaya nail olması gələcəkdə bu birliyin dünya nizamında yeni bir güc mərkəzi olaraq ortaya çıxmasında, Türk Dünyasını narahat edən problemlərin daha sürətli və effektiv həllində və ən əsası vahid siyasi bir türk millətinin formalaşaraq kimliyini gələcək nəsillərə ötürməsində mühüm rol oynayacaqdır. Türk Dünyasının gələcək potensialının qlobal güclər tərəfindən dərk edilməsinin nəticəsidir ki, Macarıstan türk toplumlarına ev sahibliyi etməsi səbəbilə 2018-ci ildən TDT-də müşahidəçi üzv statusu almış, Rusiya isə bu inteqrasiyanın öz qlobal maraqlarına doğurduğu təhdidləri və yaratdığı imkanları [34] nəzərə alaraq 2023-cü ildə bənzər şəkildə təşkilatda üzvlük üçün müxtəlif rəsmiləri vasitəsilə niyyət bəyanı [35], [36] etmişdir.

 

 

 

İstifadə olunmuş mənbələr:

 

Kitab və məqalələr

Akçura Yusuf, Üç Tarz-ı Siyaset, Türk Tarih Kurumu Basımevi, Ankara, 1976, s. 23.

Aliyev Fegan, United Nations Economic Commission for Europe, “Azerbaijan: An analysis of the policy reform impact on sustainable energy use in buildings”, [1]  https://unece.org/fileadmin/DAM/energy/se/pdfs/gee21/projects/cs/CS_Azerbaijan.pdf

Appasova Dinara, “Potensial Orqanizatsii turkskix qosudarstv v obespeçenii bezpasnosti turkskoqo mira”, Manas Sosyal Araştırmalar Dergisi, 2023, 12(2), s. 719

Balcı Ali, Türkiye Dış Politikası: İlkeler, Aktörler, Uygulamalar, İstanbul: Etkileşim Yayınları, 2013, s 183-186.

Barçın Yinanç, Hedef, “AT gibi Entegrasyon”, Milliyet (1992, Ekim 31 sayı), s. 15.

BP, Statistical Review of World Energy, 71st edition, 2022, https://www.bp.com/content/dam/bp/business-sites/en/global/corporate/pdfs/energy-economics/statistical-review/bp-stats-review-2022-full-report.pdf

Biro David, “The Turan Army. Opportunities for a new military cooperation led by Turkey”, Nuova Antologia Militare, 2021, 8(2), s.333-359. https://hal.science/hal-03389110/document  

Cəfərov Nizami, “Türk dünyasının birliyi strategiyası: Heydər Əliyevdən İlham Əliyevə”, Xalq qəzeti, 2009, S.3, http://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_iyul2009/86532.htm

Cəlilzadə Şəhla, “Trans-Xəzər qaz kəməri”, Azlogos, 2020, https://azlogos.eu/trans-x%c9%99z%c9%99r-qaz-k%c9%99m%c9%99ri/

Doğanay, H, Türk Dünyasının Siyasi Sınırları, Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, 3, 1995, s. 25, 53.

Güngör Erol, Tarihte Türkler, 15-ci cild, İstanbul, Ötüken Yayınları, 2009, s. 14.

Güler Metin, “Doğal Kaynaklar ve Kalkınma”, KAPAK, 2019, s.59. https://etonet.org.tr/uploads/bolgesel-sektorel/124-201908/KAPAK/Do%C4%9Fal%20Kaynaklar%20ve%20Kalk%C4%B1nma-Metin%20G%C3%9CLER.pdf

Fuller E. Graham, Lesser O. lan, Turkey`s New Geopolitics: From the Balkans to Western China, New York, Westview/Routledge, 1993.

Kut Gün, “Yeni Türk Cumhuriyetleri ve Uluslararası Ortam”, Buşra Ersanlı vd. (der.), Bağımsızlığın İlk Yılları, Ankara, TC Kültür Bakanlığı yayınları, 1994, s. 13.

Özdemir Hikmet, “Turgut Özal ve Avrasya”, Avrasya Dünyası, S.2, s. 9. https://avim.org.tr/public/images/uploads/files/1hikmetozdemir.pdf

Qasımlı M. Aydın, Türklər (Tarixi oçerklər), Bakı, 2012, s. 16. http://anl.az/el/Kitab/2013/Azf-272414.pdf

Süleymanova Sevda, “Ali Bey Hüseynzade`nin Türkçülük İdeaları”, s. 184. https://www.ttk.gov.tr/wp-content/uploads/2022/03/11-SevdaSuleymanova.pdf

Yereli Ahmet Burçin, “Küreselleşme Sürecinde Türk Dünyasında İktisadi İşbirliğinin Önemi”, Türk Yurdu, s. 64.

 

İnternet mənbələri

“Cumhurbaşkanı Erdoğan, BM Genel Kurulu'nda konuştu: Dünya 5'ten büyüktür”, https://www.youtube.com/watch?v=PepRlV8_W20

“Facts and figures on life in the European Union”, https://european-union.europa.eu/principles-countries-history/key-facts-and-figures/life-eu_en#:~:text=The%20EU%20covers%20over%204,country%20and%20Malta%20the%20smallest.

“Türk Dünyası 2040 Vizyonu”, https://turkicstates.org/assets/pdf/haberler/turk-dunyasi-2040-vizyonu-2396-98.pdf

“Türkiye 2053 Güç ve Adalet”,  https://tasam.org/Files/Etkinlik/File/VizyonBelgesi/T53_vizyon_TR_pdf_963cb407-fbf6-45f9-9263-24ffa2dae2db.pdf

Türk Devletleri Teşkilatı, Zirveler. https://www.turkicstates.org/tr/zirveler

“Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi`nin Kurulmasına Dair Nahçivan Anlaşması”, https://turkicstates.org/assets/pdf/temel_belgeler/Nahcivan_Anlasmasi_Turkce_20140417_193951.pdf

“Türk Devletleri Teşkilatı 8. Zirvesi İstanbul Bildirisi”, https://turkicstates.org/tr/haberler/turk-devletleri-teskilati-8-zirvesi-istanbul-bildirisi_2395

“Azərbaycanda etnik-dini tolerantlıq və milli həmrəylik səviyyəsi”, https://stm.az/az/news/1269/azerbaycanda-etnik-dini-tolerantliq-ve-milli-hemreylik-seviyyesi

“Azərbaycan cəmiyyəti hansı ölkələrə yaxınlıq hiss edir? – İctimai rəy sorğusu”, https://stm.az/az/news/1176/azerbaycan-cemiyyeti-hansi-olkelere-yaxinliq-hiss-edir-ictimai-rey-sorgusu

“Azerbaijan, Turkmenistan discuss joint exploration of 'Dostlug' hydrocarbon field”, https://xalqqazeti.az/en/iqtisadiyyat/150670-azerbaijan-turkmenistan-discuss-joint-exploration

“GDP of the European Union 2011-2022”, https://www.statista.com/statistics/279447/gross-domestic-product-gdp-in-the-european-union-eu/#:~:text=In%202022%20the%20gross%20domestic,economic%20strength%20of%20a%20country.

“Yüzyılın hayali gerçek oluyor, dil birliğinde büyük adım”, https://haberglobal.com.tr/gundem/yuzyilin-hayali-gercek-oluyor-dil-birliginde-buyuk-adim-293602

“Kazakistan’da, Türk Dünyası Ortak Alfabe Komisyonu’nun ilk toplantısı düzenlendi”, https://www.trtavaz.com.tr/haber/tur/avrasyadan/kazakistan-da-turk-dunyasi-ortak-alfabe-komisyonu-nun-ilk-toplantisi-duzenlendi/6474a0dd01a30a30e4cfe7ff

“Turan battalion said formed as part of Ukraine army”, https://caliber.az/en/post/124464/

“İspartada Türk ölkələrinin hərbi təlimləri”, https://turan.az/az/siyaset/ispartada-turk-olkelerinin-herbi-telimleri

“Turetskie qosudarstva sozdadut sovmestnıe turistiçeskie marşrutı”, https://www.trtrussian.com/novosti-mir/tyurkskie-gosudarstva-sozdadut-sovmestnye-turisticheskie-marshruty-16055877

“Türk Dövlətləri Təşkilatına üzvlüyə sürpriz namizəd”, https://globalinfo.az/rusiya-tdt/

“Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq yolunda”, https://www.musavat.com/news/rusiya-turk-dovletleri-teskilatina-uzv-olmaq-yolunda-ilginc-gelisme_959356.html

 

 

1 Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Dünya beşdən böyükdür” deməsi (https://www.youtube.com/watch?v=PepRlV8_W20) Soyuq Müharibədən sonra yaranan dünya nizamının hüquqi-siyasi tənzimləyici mərkəzi olan BMT TŞ-nin daimi üzvlük strukturuna etiraz mahiyyətindədir.

Bu ifadə ilk dəfə ABŞ dövlət xadimi Henry Kissingerin dilindən səslənmişdir. Bax: Gün Kut, “Yeni Türk Cumhuriyetleri ve Uluslararası Ortam”, Buşra Ersanlı vd. (der.), Bağımsızlığın İlk Yılları, Ankara, TC Kültür Bakanlığı yayınları, 1994, s. 13. https://www.academia.edu/437622/Yeni_T%C3%BCrk_Cumhuriyetleri_ve_Uluslararas%C4%B1_Ortam , Graham E. Fuller lan O. Lesser, Turkey`s New Geopolitics: From the Balkans to Western China, New York, Westview/Routledge, 1993. Bu kitabın adı da müvafiq siyasi-ideoloji yanaşmanın yansımasıdır.  

1993-cü ilin yanvarıda Daşkənddə 5 türk dövləti başçısının “Ortaq Bazar üçün Beş Orta Asiya Dövlətinin Protokolu” imzalansa da bu ideya hələ ki, inisiativ olaraq qalır. Bu ideya 1990-cı illərin əvvəllərindən gündəmdədir. Əlavə bax: Barçın Yinanç, Hedef, “AT gibi Entegrasyon”, Milliyet (1992, Ekim 31 sayı), s. 15.

Ahmet Burçin Yereli, “Küreselleşme Sürecinde Türk Dünyasında İktisadi İşbirliğinin Önemi”, Türk Yurdu, s. 64. https://www.ahmetburcinyereli.com/TY322.pdf

Nizami Cəfərov, “Türk dünyasının birliyi strategiyası: Heydər Əliyevdən İlham Əliyevə”, Xalq qəzeti, 2009, S.3, http://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_iyul2009/86532.htm

Erol Güngör, Tarihte Türkler, 15-ci cild, İstanbul, Ötüken Yayınları, 2009, s. 14.

Aydın M. Qasımlı, Türklər (Tarixi oçerklər), Bakı, 2012, s. 16. http://anl.az/el/Kitab/2013/Azf-272414.pdf

Doğanay, H. (1995). Türk Dünyasının Siyasi Sınırları, Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, 3, s. 25, 53.

12 Hikmet Özdermi, “Turgut Özal ve Avrasya”, Avrasya Dünyası, S.2, s. 9. https://avim.org.tr/public/images/uploads/files/1hikmetozdemir.pdf

13 Balcı, A. (2013). Türkiye Dış Politikası: İlkeler, Aktörler, Uygulamalar, İstanbul: Etkileşim Yayınları, s 183-186.

14 Türk Devletleri Teşkilatı, Zirveler. https://www.turkicstates.org/tr/zirveler

15 “Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi`nin Kurulmasına Dair Nahçivan Anlaşması”, https://turkicstates.org/assets/pdf/temel_belgeler/Nahcivan_Anlasmasi_Turkce_20140417_193951.pdf

16 “ Türk Devletleri Teşkilatı 8. Zirvesi İstanbul Bildirisi”, https://turkicstates.org/tr/haberler/turk-devletleri-teskilati-8-zirvesi-istanbul-bildirisi_2395

17 “Azərbaycanda etnik-dini tolerantlıq və milli həmrəylik səviyyəsi”, https://stm.az/az/news/1269/azerbaycanda-etnik-dini-tolerantliq-ve-milli-hemreylik-seviyyesi

18 “Azərbaycan cəmiyyəti hansı ölkələrə yaxınlıq hiss edir? – İctimai rəy sorğusu”, https://stm.az/az/news/1176/azerbaycan-cemiyyeti-hansi-olkelere-yaxinliq-hiss-edir-ictimai-rey-sorgusu

19 A.Arşaruni, X.Qabidullin, Oçerki panislamizma i panturkizma v Rossii, Moskva, 1931, s.47.

20 Sevda Süleymanova, “Ali Bey Hüseynzade`nin Türkçülük İdeaları”, s. 184. https://www.ttk.gov.tr/wp-content/uploads/2022/03/11-SevdaSuleymanova.pdf

21 Yusuf Akçura, Üm Tarz-ı Siyaset, Türk Tarih Kurumu Basımevi, Ankara, 1976, s. 23.

22 “Azerbaijan, Turkmenistan discuss joint exploration of 'Dostlug' hydrocarbon field”, https://xalqqazeti.az/en/iqtisadiyyat/150670-azerbaijan-turkmenistan-discuss-joint-exploration

23 Şəhla Cəlilzadə, “Trans-Xəzər qaz kəməri”, Azlogos, 2020, https://azlogos.eu/trans-x%c9%99z%c9%99r-qaz-k%c9%99m%c9%99ri/

30 David Biro, “The Turan Army. Opportunities for a new military cooperation led by Turkey”, Nuova Antologia Militare, 2021, 8(2), s.333-359. https://hal.science/hal-03389110/document

31 Turan battalion said formed as part of Ukraine army”, https://caliber.az/en/post/124464/

32 İspartada Türk ölkələrinin hərbi təlimləri”, https://turan.az/az/siyaset/ispartada-turk-olkelerinin-herbi-telimleri

34  Appasova Dinara, “Potensial Orqanizatsii turkskix qosudarstv v obespeçenii bezpasnosti turkskoqo mira”, Manas Sosyal Araştırmalar Dergisi, 2023, 12(2), s. 719

Şəhla Cəlilzadə
Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. Müvafiq ixtisas üzrə elmi araşdırmaların və məqalələrin müəllifidir. Əsas tədqiqat sahələri konfliktologiya, Qarabağ münaqişəsi, sülh quruculuğu prosesləridir.