Yuxarıya
skip to main content

Dünyada su qıtlığı – Azərbaycanı nə gözləyir?

11.03.2024

İqlim dəyişikliyi həm su qıtlığını, həm də su ilə bağlı təhlükələri (daşqın, quraqlıq və s) artırır. Çünki artan istilik yağış düzənini və bütün su dövranını pozur.

Su qıtlığı - suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır. Bu gün dünyada təxminən iki milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin yarısı ilin ən azı bir dövründə ciddi su qıtlığı yaşayır. Yerdəki suyun yalnız 0.5%-i istifadəyə yararlı və mövcud şirin sudur və iqlim dəyişikliyi bu amilə təhlükəli şəkildə təsir edir. Son 20 ildə torpaq nəmi, qar və buz da daxil olmaqla yerüstü su ehtiyatı ildə bir sm-ə qədər azalıb və bu vəziyyət su təhlükəsizliyi baxımdan önəmli nəticələr doğurur.

Ümumdünya Resurslar İnstitunun məlumatına görə, 36 ölkə artıq su stressi şəraitində yaşayır. Bu o deməkdir ki, yaşayış məntəqələri, sənaye və təsərrüfatlar tərəfindən tələb olunan su mövcud ehtiyatları tam istifadə edir.

Su böhranı illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir.

Buzlaqlarda və qar örtüyündə saxlanılan su ehtiyatlarının əsr ərzində daha da azalması proqnozlaşdırılır ki, bu da ilin isti və quraq dövrlərində əsas dağ silsilələrindən ərinmiş su ilə təmin olunan hazırda dünya əhalisinin altıda birindən çoxunun yaşadığı bölgələrdə suyun mövcudluğunu azaldır.

Proqnozlara görə, dəniz səviyyəsinin qalxmasının qrunt sularının şoranlaşmasını artırması sahilyanı ərazilərdə insanlar və ekosistem üçün şirin suya əlçatanlığı azaldacaq.

İqlim dəyişikliyi suyun keyfiyyətinə də təsir edir. Çünki suyun yüksək temperaturu, tez-tez baş verən daşqınlar və quraqlığın suyun çirklənməsinin bir çox formalarını (çöküntülərdən patogenlərə və pestisidlərə qədər) gücləndirəcəyi proqnozlaşdırılır.

İqlim dəyişikliyi, əhalinin artımı və artan su qıtlığı qida təminatına təzyiq göstərəcək. Çünki şirin suyun böyük hissəsi – orta hesabla təxminən 70%-i kənd təsərrüfatında işlənir.  Qeyd edək ki, bir insanın günlük su ehtiyacını qarşılamaq üçün 2000 ilə 5000 litr  arasında su tələb olunur. Proqnozla­ra görə, 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının istehsalı 25%-dək azalacaq. Əhalinin sayı isə nəzərdə tutulan dövrdə 9 milyardı keçəcək.

Su ilə bağlı təhlükələr

İqlim dəyişikliyi daşqın və quraqlıq kimi ekstremal hava hadisələrini daha çox və daha şiddətli hala gətirib. Qlobal temperaturun yüksəlməsi atmosferin saxlaya biləcəyi rütubəti artırır, nəticədə daha çox tufanlar və güclü yağışlar olur, lakin paradoksal olaraq qurudan daha çox su buxarlanır və qlobal hava şəraiti dəyişdikcə daha sıx quru dövrlər olur.

Quraqlıq, daşqın riskləri və bununla bağlı sosial zərərlərin qlobal istiləşmənin hər dərəcəsi ilə daha da artacağı proqnozlaşdırılır.

Güclü yağıntı hadisələrinin tezliyi çox güman ki, 21-ci əsrdə əksər ərazilərdə və daha çox yağış nəticəsində yaranan daşqınlarla artacaq. Eyni zamanda, hər hansı bir dövrdə həddindən artıq quraqlığa məruz qalan torpaqların nisbətinin də artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, su ilə bağlı fəlakətlər son 50 ildə təbi fəlakətlər siyahısında üstünlük təşkil edir və onlarla bağlı bütün ölümlərin 70%-ni təşkil edir.

2000-ci ildən bəri daşqınla bağlı fəlakətlər əvvəlki iki onilliklə müqayisədə 134% artıb. Daşqınla bağlı ölümlərin və iqtisadi itkilərin əksəriyyəti Asiyada qeydə alınıb. Eyni dövrdə quraqlıqların sayı və müddəti də 29% artıb.  Quraqlıqla bağlı ən çox ölümlər Afrikada baş verib.

 

Çıxış yolu nədir?

Sağlam su ekosistemləri və təkmilləşdirilmiş su idarəçiliyi istixana qazı emissiyalarını azalda və iqlim təhlükələrindən qorunmanı təmin edə bilər.

Manqrovlar, dəniz otları və bataqlıqlar CO2-ni udan və saxlayan, istixana qazı emissiyalarının azaldılmasına kömək edən yüksək effektiv karbon yuvalarıdır.

Nəm ərazilər həm də ekstremal hava hadisələrinə qarşı tampon rolunu oynayır. Onlar fırtına dalğalarına qarşı təbii bir qalxan təmin edir və artıq suyu və yağıntıları udur. Bu ərazilərdə mövcud olan bitkilər və mikroorqanizmlər vasitəsilə həm də suyun saxlanması və təmizlənməsi təmin olunur.

Daşqınlar, quraqlıqlar və digər su ilə əlaqəli təhlükələr üçün erkən xəbərdarlıq sistemləri investisiyanın on qatından çox gəliri təmin edə və fəlakət riskini əhəmiyyətli dərəcədə azalda bilər: yaxınlaşan fırtına haqqında 24 saatlıq xəbərdarlıq gələcək zərəri 30% azalda bilər.

İqlim dəyişikliyinə tab gətirə bilən su təchizatı və kanalizasiya sistemləri hər il 360.000-dən çox körpənin həyatını xilas edə bilər.

İqlim dostu ağıllı kənd təsərrüfatı damcı suvarma və sudan daha səmərəli istifadə üçün digər vasitələrlə şirin su ehtiyatlarına tələbi azaltmağa kömək edə bilər.

Azərbaycanda da su ehtiyatları azalır

Azərbaycanın yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir. Quraqlıq illərində su ehtiyatlarının azalması, daxili çayların su axının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister qeyd edib ki, Azərbaycan qlobal miqyasda dekorbanizasiyanın təsirinə birbaşa məruz qala biləcək ölkələrdən biridir və növbəti illərdə həm su qıtlığı, həm də ekstremal isti hava kütləsi ilə üzləşəcək.

Prezident İlham Əliyev də bu problemi dəfələrlə qabardıb və onun siyasi iradəsiylə su qıtlığı ilə mübarizə sahəsində davamlı işlər həyata keçirilir.

Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik” , - dövlət başçısı martın 1-də “Euronews” televiziyasına müsahibəsində də qeyd edib. Vurğulayıb ki, yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.

Ölkəmizdə 2025-ci ilə qədər ortamüddətli, 2030-cu ilə qədər isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.

Ekspertlər hesab edir ki, insanların maarifləndirilməsi ilə də suya xeyli qənaət etmək mümkündür. Su krantlarının açıq qoyulmaması, sudan səmərəli istifadə, bəzi təsərrüfatlarda texniki sudan istifadə olunması, məişətdə istifadə edilən suyun filtrdən keçiriləcək yenidən istifadəsi suya qənaət etməyə imkan verər.

Mütəxəssislər bildirirlər ki, suya qənaət edən yeni suvarma texnologiyalarına keçmək önəmlidir. Bununla kənd təsərrüfatında ən az 50%-ə çatan su itkilərinin qarşısı alına bilər. Eyni zamanda, getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaradılmalıdır. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir.

Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi edir. Ekspertlər vurğulayırlar ki, COP29 çərçivəsində dünyanın su ehtiyatlarının qorunması və su təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülə bilər: Yeni və daha güclü öhdəlikləri olan su təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda güclü və konkret hədəfləri olan sənəd qəbul edilə bilər. Bu da su təhlükəsizliyində qlobal təşəbbüsləri gücləndirə bilər. Həmçinin Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu və danışıqlarda əsas fiqur olması bundan sonrakı dönəmdə də Konvensiyanın tələblərinin yerinə yetirilməsində hesabatlılığı təmin etməkdə böyük üstünlük ola bilər.

 

Mənbələr:

  1. https://archive.ipcc.ch/pdf/technical-papers/climate-change-water-en.pdf
  2. https://library.wmo.int/records/item/54351-drought-and-water-scarcity-wmo-no-1284
  3. https://www.worldbank.org/en/news/feature/2021/06/17/floods-and-droughts-an-epic-response-to-these-hazards-in-the-era-of-climate-change
  4. https://www.ipcc.ch/report/ar6/wg2/downloads/outreach/IPCC_AR6_WGII_FactSheet_FoodAndWater.pdf
  5. https://www.ipcc.ch/report/ar6/wg2/downloads/outreach/IPCC_AR6_WGII_FactSheet_FoodAndWater.pdf
  6. https://www.worldbank.org/en/topic/waterresourcesmanagement
  7. https://www.water-climate-coalition.org/
  8. https://wedocs.unep.org/xmlui/bitstream/handle/20.500.11822/35360/NatClim.pdf
  9. https://www.un.org/sg/en/content/sg/speeches/2018-09-05/new-climate-economy-report-remarks-launch#:~:text=Climate%2Dresilient%20water%20supply%20and,vast%20benefits%20for%20public%20health.
  10. https://president.az/az/articles/view/64972
  11. https://report.az/ekologiya/azerbaycan-iqlim-deyisikliyi-ile-bagli-hedeflerini-aciqlayib/

Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.