Yuxarıya
skip to main content

Milli ideologiya: yeni dövrün çağırışları

26.02.2024

Milli ideologiya dövlətləri yaşadan ən vacib faktorlardan biridir. Bir çox şərhlərdə və media materiallarında təəssüflər olsun ki, ideologiya anlayışının manipulyasiyalara məruz qaldığını görürük.

Milli ideologiyadan danışanda mütləq anlayışın formulasını düzgün müəyyənləşdirməyi bacarmalıyıq. İdeologiyanı qısa və geniş mənada izah edə bilərik. İdeologiyanı qısaca olaraq ideya götürmək və o fikir ilə bir sistemi (dövləti, cəmiyyəti və hətta ailəni) idarə etmək üçün vasitə də saya bilərik. XVIII əsrin sonlarında tarix səhnəsinə çıxan və təkcə ictimai elmlərdə deyil, həm də gündəlik həyatda siyasi, sosial, mədəni və iqtisadi hadisələrə məna vermək vəzifəsini öz üzərinə götürən “ideologiya” anlayışı quruluşuna görə mühüm və çox əhatəli bir termin kimi istifadə olunur.

İdeologiya macərası tarixi prizmadan araşdırıldıqda hər şey onun vasitəsilə izah edilməyə çalışılır və bütün problemlərin mənbəyi məhz bu məfhuma aid edilir bəzən. Bu vəziyyət problem yaradır. İdeologiya ən ümumi formada dünyagörüşü kimi müəyyən edilmiş anlayışdır.

Fəlsəfədə ideologiyanı ən vacib dünyagörüşü forması hesab edən filosofların sayı kifayət qədərdir.  Dünyagörüşü, ideyası, idealı fərdlərin və ya qurumların davranışlarını istiqamətləndirmək üçün istifadə edilən fikirlər toplusu kimi müəyyən edilir. Bu, siyasi, fəlsəfi, dini və dəyərlər sahələrinə yönəlmiş bir anlayışdır. Mürəkkəb həyat içində araşdırıldığında ideologiya anlayışı cəmiyyətin necə işlədiyini, fərdlərin cəmiyyətdəki rolunun nə olduğunu və qarışıqlıqda hansı yolun ən yaxşı olduğunu izah edən bir anlayışdır. Məşhur inancın əksinə olaraq, ideologiya sadə siyasi fərziyyələr toplusu kimi müəyyən edilmir. Bu, siyasi və sosial həyatı anlamağa kömək edən bir anlayışdır.

Bu, cəmiyyətin xəritəsini verən və cəmiyyət daxilində hərəkət etməyə imkan verən bir anlayışdır.

Düşünüldüyü kimi, ideologiyalar təkcə qrup kimliklərinin formalaşmasında deyil, həm də fərdi kimliklərin formalaşmasında rol oynayır. İdeologiyalar insanların yaratdığı fəlsəfi fərziyyələr nəticəsində yaranan anlayışlardır. O, kortəbii olaraq deyil , fəlsəfi, sosial və siyasi zəmin əsasında qurulur. Keçmişi, indini və gələcəyi bir-birinə uyğun şəkildə izah etməyə çalışır. İdeologiyalar, ümumiyyətlə, icmaları ümumi məqsədə doğru hərəkətə gətirir. Beləliklə, aydın olur ki, çağdaş dünyada qlobalist imperializmin təsirlərinin güclənməyi ilə ideologiyalar da zədələnir. Milli və fərdi ideologiyalar qəsb edilir və bunun üçün təhlükəli ssenarilər Qərb paytaxtlarından daim dövriyəyə buraxılır.

İdeologiyanın vacibliyi həm də onun strurkturunun nə qədər çeşidli olmağı ilə nəticələnir. Humanist anlayışların işğalçı siyasətlərə bəhanə kimi göstərildiyi çağdaş zamanda milli identikliyin kökündə milli ideologiya dayanır.

 İndi neoimperializm torpaq zəbt etmir, düşüncə və şüuru “işğal edir”. Cəmiyyətlərin dəyərləri sarsıdılır. Toplumda parçalama siyasətləri trend edilir. Nəticədə, öz milli kimliyinə və cəmiyyətinə yad mental xarakterlər alan “Z nəsli” formalaşdırılmağa çalışılır. Bunların içərisində özəlliklə milli ideologiyaya yad “hərəkatlar” yaratmaq, sosial mediadan geniş istifadə etmək, alternativ kommunikasiya vasitələrindən yararlanaraq milli ideologiyadan qopardılan “icmalar” formalaşdırmaq ümdə məqsədlərdən biri kimi qarşıya çıxır.

[1]Hər bir dövlət siyasətini həyata keçirərkən milli ideologiyaya əsaslanan Azərbaycançılıq xalqı dövlətin təkcə obyekt yox, həm də subyekt idarəedicisi kimi nəzərdə tutur. V.Ömərov milli ideologiya ilə bağlı çox yaxşı qeyd edir ki, müasir Azərbaycan şəraitində Azərbaycan ideologiyası Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün, müstəqilliyinin, burada yaşayan xalqların qardaşlığı və həmrəyliyinin daşıyıcısı kimi çıxış edir. Ona görə də, əgər milli dövlətdən danışırıqsa və milli dövləti beynəlxalq münasibətlər sisteminin əsas aktoru kimi səciyyələndirirksə, eyni zamanda, milli dövləti milli iradənin təmsilçisi kimi təqdim ediriksə, milli dövləti hər bir xalqın, yaxud millətin siyasi təşkilatlanması kimi görürüksə, mütləq milli ideologiyanı da dediyimiz institutlaşmanı təmin edən vasitə kimi görməliyik. Əks təqdirdə, dövlətin yaşaması sadəcə olaraq, mümkün deyil. Ona görə də, tarixən qurulan bütün dövlətlər, ilk növbədə, ideologiya axtarışında olublar.

SSRİ-nin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ilk bir neçə ildə ölkəmizdə qarmaqarışıq vəziyyət, xaos hökm sürürdü, mərkəzdənqaçma meylləri baş qaldırmışdı. Ölkənin ağır durumdan xilası çoxları üçün mümkünsüz görünəndə məhz azərbaycançılıq ideologiyası bu təhlükəli vəziyyətdən çıxmaqda ölkənin, xalqın harayına çatdı. Bu ideologiyanın banisi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə onun müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda rəsmi status aldı. Məhz bu amil Azərbaycanın xilası oldu. Əldən getmək üzrə olan dövlət müstəqilliyimizi bu ideologiya qorudu, dirçəltdi. Xalqı bu ideologiya ətrafında birləşdirmək mümkün oldu.

Azərbaycanın parçalanmasını, məhv olmasını gözləyən düşmənlərin planlarını, arzularını məhz azərbaycançılıq ideologiyası, bu ideologiyanın Heydər Əliyev tərəfindən böyük müdrikliklə həyata keçirilməsi pozdu.

Azərbaycançılıq ideologiyasının təməl prinsipləri 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan Konstitusiyasının yaranmasında ciddi təsirə malik oldu. Ölkədə siyasi islahatlara başlanması prosesi bu ideologiyanı özünə meyar kimi seçdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənpərvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var. Azərbaycanın bəxti həm də gətirdi ki, Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi. Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib. Dövlət siyasətinin əsas ideoloji tezisinə çevrilən azərbaycançılıq fəlsəfəsi Azərbaycanda yaşayan çoxsaylı millətlərin vəhdət halında Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyü uğrunda ayağa qalxmasına gətirib çıxardı və nəticədə 30 ilə yaxın Ermənistanın işğalında olan torpaqlarımız azad edildi. Bütün bunların təməlində yenə də azərbaycançılıq ideologiyası, bu ideologiyanın dövlətin milli siyasətinə çevrilməsi durur.

44 günlük Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və işğalçı ermənilərin başına endirdiyimiz “dəmir yumruq”la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət” və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yarandı.

Azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək dövlət siyasətinin məhvərində olmağa davam edəcək, Azərbaycanda milli birliyin təməlində dayanmaq ən mühüm amillərdən biri olaraq qalacaq.

Yeni dövrün çağırışları içərisində bizim üzərimizə düşən yük həm də ondan ibarətdir ki, azərbaycançılıq məfkurəsinin təbliğatını genişləndirək. 2020-ci ilə qədər azərbaycançılıq işğala qarşı həm də bir birlik modeli idisə indi bu düşüncə sistemi böyük qayıdışın, post-işğal dövrünün həqiqətini təşkil etməlidir. Ona görə də yeni milli ideologiya axtarışımızda azərbaycançılığı istisna edə bilmərik. Azərbaycançılıq hər bir dövrdə cəmiyyətin ən aktual ideoloji bazisi olmalıdır deyə düşünürəm. Bu gün ölkəmizdə azərbaycançılıq ideologiyasının təbliği yüksək səviyyədə aparılır. Nəzərə almaq lazımdır ki, azərbaycançılıq sadəcə olaraq səthi bir ideologiya deyil. Bu, xalqımızı birləşdirən və siyasi yönündən, inancından asılı olmayaraq hər kəsin kritik məqamında dövlət və dövlətçilik şüuru ətrafında vahid olunmağını özündə ehtiva edir. Bu baxımdan, azərbaycançılıq ideologiyasının təbliği həm də vətənpərvərliyin inkişafı deməkdir. Məhz bu ideoloji təbliğat nəticəsində 44 günlük Vətən müharibəsində ən ucqar kəndlərdə yaşayan gənclərimizdən tutmuş, ən mərkəzi bölgələrində yaşayan gənclərimizə qədər hər kəs Vətən müharibəsinə tək bir amalla gedirdi. Azərbaycançılıq ideologiyası məhz bu coğrafiyada fərqindən asılı olmayaraq, Azərbaycanın hər bir yerindən olan insanlarımızın vahid amal, vahid dövlət ideyası ətrafında birləşməyi ehtiva edirdi. Bu baxımdan, hesab edirəm ki, ailələrdə bu yöndə ideoloji təbliğatın aparılmağının çox mühüm əhəmiyyəti var.

Hesab edirəm ki, müharibə dövründəki  birlik, vətənpərvərlik və bərabərlik postmüharibə dövründə də davam etməlidir. Çünki ölkəmizin qarşısında böyük hədəflər var. Ölkə daxilində Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir. Bu gün Azərbaycan dünyada önəmli siyasi, iqtisadi və digər məsələlərlə bağlı qərarların qəbul edilməsində vacib ölkələrdən biridir. Bu baxımdan hesab edirəm ki, azərbaycançılıq ideologiyasının təbliği ölkədə kifayət qədər yüksək səviyyədədir.

Azərbaycançılıq ideologiyasının dövlət tərəfindən daim gündəmdə tutulması və ön sıralarda olması nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində öz ali baş komandanının ətrafında sıx birləşdi. Bu gün dünyanın bir çox ölkələrində vətəndaş müharibələri, təhdidlərin mövcud olduğu, müxtəlif ideoloji düşüncə daşıyıcısı olan xalq və millətlərin bir dövlət daxilində dinc yaşamadığı bir dövrdə Azərbaycançılıq ideologiyası həm də özündə tolerantlığı, multikulturalizmi ehtiva edir. Azərbaycançılıq ideologiyası fonunda Azərbaycan xalqının dövlətə və ölkə başçısına sevgisi daim özünü göstərir. Yeni dövrün ideoloji xətti azərbaycançılıq ilə davam etdirilib zənginləşməlidir.

Biz qısa müddətdə Qarabağda aparılan quruculuq işlərini və qayıdışı da ideoloji olaraq şərh etməliyik. Çünki Azərbaycan qayıdışın milli modelini, qayıdış milli ideologiyasının modelini yaradıb. Azərbaycan çox qısa bir müddət ərzində vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli formada Qarabağa qayıdışı prosesini həyata keçirir. Bu günə qədər vətəndaşlarımızın qayıtdığı bölgələrdə və kəndlərdə yaşayış üçün lazımlı olan bütün infrastruktur maksimum şəkildə təmin edilib. Eyni zamanda, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərə qayıdan insanların rahat yaşayışı üçün orada təhlükəsizlik tədbirlərini də vaxtında həyata keçirib. Bunun nəticəsində həmin qayıdış baş verən bölgələrdə vətəndaşlarımıza onların həyatlarını yaxşı formadan davam etdirəcək iş yerləri və yaşayış şəraiti yaradılıb. Prezident İlham Əliyevin göstərişi ilə dövlətimizin Böyük Qayıdış prosesində ortaya qoyduğu iradə kifayət qədər təqdir edilən bir davranışdır, həmçinin bütün dünya ölkələrinə örnək xarakteri daşıyır. Əhalinin işğaldan azad olunmuş torpaqlara qayıdışı yüksək sürətlə davam edir. Ölkəmiz bu məsələdə necə böyük bir iradəyə və dövlət qətiyyətinə malik olduğunu bir daha nümayiş etdirir. Beləliklə, Qarabağı dövlət dirçəldir, vətəndaş azərbaycançılıq şüuru ilə öz yurd-yuvasına böyük şövqlə dönür. Yeni dövrün ideoloji çağırışlarında bu məqama da xüsusi diqqət etməliyik. İdeologiya və mənəvi bağ olmasa işlər də bu qədər çevik ola bilməzdi.

Cənab Prezident vurğuladı ki, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi, bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Prezidentin bu ifadəsi tarix boyu istifadə ediləcək manşet sitatı idi. İdeoloji təbliğatımızda etnik sepratçılığı bitirən Azərbaycan nümunəsini daha da gücləndirməliyik. Ölkədəki güclü multikultural mühitin təbliğatı bu kontekstdə daha geniş aparılmalıdır.

Yeni ideoloji xəttimizdə ordu vacib nöqtədə dayanır. Azərbaycançılıq düşüncəsi milli ordu məfkurəsini gücləndirdi. Azərbaycan xalqı ordu oldu, ordusunun yanında yer aldı. Ordumuz təkcə Azərbaycan ordusu olmadı, azərbaycançılıq ordusu oldu. Yeni dövrdə də hərbi vətənpərvərlik təbliğatı bu rakursdan ailədə, məktəbdə, mediada daim diqqətdə saxlanılmalıdır.

Ən əsası yeni dövrdə gənclərlə bağlı məsələ xüsusi nəzarətdə olmalıdır. Cənab Prezident vurğuladı ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq.

Gəncliyi yad ideologiyalarla ələ keçirməyə çalışan neoimperialist bəlalalara qarşı milli dövlətçilik idealı ən böyük sipərdir. Gənclər mərkəzlərinin, gənclər evlərinin daha işlək olmağı da yeni dövrdə heç olmadığı qədər vacibdir.

 

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır